Almaniyanın “Köln” klubunun sol cinah müdafiəçisi Noa Katterbax Bundesliqa təmsilçisindən ayrılaraq “Hamburq”a keçib.
Arena.az xəbər verir ki, bu barədə “Hamburq” rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Köln”dən azad agent kimi ayrılmış 22 yaşlı alman futbolçu yeni klubu ilə 3,5 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Noa Katterbax “Köln”ün öz yetirməsidir. O, bu klubun əsas komandasında 45 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2022-ci ildə İsveçrənin “Bazel” klubunda icarədə olub. Ötən mövsümün ikinci dövrəsində isə Katterbax məhz “Hamburq”da icarədə olub.
Alman futbolçu ölkəsinin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Köln” mərkəz yarımmüdafiəçisi Matias Oleseni də İsveçrənin “İverdon Sport” klubuna icarəyə verib. Lüksemburqdan olan 22 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. O, mövsüm bitəndən sonra 2025-ci ilin 30 iyununa kimi müqaviləsinin olduğu Almaniya klubunun düşərgəsinə qayıdacaq.
Matias Olesen peşəkar karyerasına “Ayntraxt” (Trir) klubunda başlayıb. O, 2019-cu ildən formasını geyindiyi “Köln”də əsas komandanın daimi üzvünə çevrilə bilməsə də, 26 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Olesen Lüksemburqun U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2021-ci ildən isə o, ölkəsinin əsas millisində forma geyinir. Yarımmüdafiəçi milli komandanın heyətində 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.