Noa Mbamba “Bayer”i “Dender”ə dəyişdi

Almaniya çempionu “Bayer”in belçikalı mərkəz yarımmüdafiəçisi Noa Mbamba icarədə olduğu Düsseldorf “Fortuna”sından ayrılıb.

Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi 20 yaşlı futbolçusunu bu mövsümün əvvəlində “Fortuna”ya bir mövsümlük icarəyə vermişdi.

Belçikanın U-21 yığmasının üzvü Düsseldorf təmsilçisinin əsas komandasında 7 oyuna çıxsa da, fərqlənə bilməyib. Gənc futbolçu daha çox oyun şansı qazanmaq üçün “Fortuna”nı erkən tərk edib. O, cari mövsümün qalan hissəsini Belçikanın “Dender” klubunda keçirəcək. Sözügedən klub Mbambanı satınalma şərti olmadan icarəyə götürüb.

Noa Mbamba Belçikanın “Genk” klubunun yetirməsidir. “Bayer” belçikalı futbolçunu 2023-cü ilin yanvarında 100 min avroya düşərgəsinə cəlb edib. Gənc futbolçu Almaniya nəhənginin əsas komandasının heyətində meydana çıxdığı 7 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.

Belçikanın U-15 və U-19 yığmalarında da oynamış Mbamba 2024-cü ildən U-21-ə cəlb olunur.

Xəbəri istədiklərinizlə paylaşın