“Nottingem Forest” “Bayern” və “Liverpul”un futbolçuları ilə gücləndi

Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparacaq “Nottingem Forest” heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Almaniya çempionu “Bayern”dən Omar Riçardsı, Bundesliqanın digər təmsilçisi “Maynts”dan Mussa Niakateni və İngiltərə “Liverpul”undan Neko Uilyamsı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Neko Uliyamsın transferi yeni klubuna 17.5 milyon avroya başa gəlib. 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Neko Uilyams “Liverpul”un öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında oynamağa başlayıb və ümumilikdə 33 oyun keçirib. Uels yığmasının da üzvü olan sağ cinah müdafiəçisi, bu ilin əvvəlində “Fulhem”də icarədə də oynayıb. O, ölkəsinin milli komandasında 21 oyun keçirib, 2 qol vurub.

Omar Riçards da yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Onun transferi İngiltərə klubuna 10 milyon avroya başa gəlib. İngiltərənin U-21 yığmasında da oynamış Riçards, sol cinah müdafiəçisidir. O, “Ridinq”in yetirməsidir və 2017-2021-ci illər aralığında məhz bu klubun uğurları üçün çalışıb. İngilis futbolçu 2021/22 mövsümünün əvvəlində “Bayern”ə transfer olunmuşdu. 24 yaşlı müdafiəçi “Bayern”də 17 matça çıxıb.

Mussa Niakate isə mərkəz müdafiəçisidir. “Maynts”dan azad agent kimi ayrılan fransız oyunçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. Peşəkar karyerasına ölkəsinin “Valensyenn” klubunda başlamış Niakate, daha sonra “Mets”də də çıxış edib. 26 yaşlı futbolçu 2018-ci ildən “Maynts”da forma geyinirdi. Fransanın U-21 yığmasının sabiq üzvü Almaniya klubunda 135 oyun keçirib, 9 qola imza atıb.

“Nottingem Forest” daha öncə Din Henderson, Tayvo Avoniyi, Culian Byankone və Brennan Consonu da heyətinə qatmışdı.