Noyerlə Müller Tuxelin “Bayern”də qalmasına cəhd edirlər

Uğursuz mövsüm yaşamış “Bayern”in, bəzi futbolçuları hələ də baş məşqçi Tomas Tuxelin gələn mövsüm komandada qalacağına ümid edirlər.

Arena.az xəbər verir ki, jurnalist Kerri Qau Almaniya nəhənginin düşərgəsindən müvafiq xüsusda əldə etdiyi məlumatı ictimailəşdirib.

Mənbə bildirir ki, alman mütəxəssisin “Bayern”də qalmasının tərəfdarı olan futbolçular arasında klubun veteranları və komandada böyük nüfuz sahibləri olan – alman qapıçı Manuel Noyer və alman hücumçu Tomas Müller də var. Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar.

Vurğulanır ki, baş məşqçinin köməkçiləri, xüsusən də ingilis mütəxəssis Entoni Barri futbolçular arasında çox məşhurdur.

Xatırladaq ki, “Bayern” Tomas Tuxelin mövsümün sonunda komandadan ayrılacağını artıq açıqlayıb. Bildirilib ki, Tomas Tuxelin yerinə əsas namizəd “Bayern”in keçmiş baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikdir. Amma Fliklə danışıqlar hələ ki, nəticə verməyib.

Bundan əlavə, klub daxilində Flikin qayıtmasının düzgün qərar olacağına şübhələr var. Jurnalist Kerri Qaunun məlumatına görə, italyan mütəxəssis Roberto De Zerbi və niderlandlı mütəxəssis Erik ten Haqın namizədliyi də nəzərdən keçirilir, həmçinin “Mançester Yunayted”in baş məşqçisi ilə bağlı seçimin rədd edildiyi barədə məlumatlar var.

Jurnalist Kristian Falkın məlumatına görə, digər məşqçilərlə bir neçə uğursuz danışıqlardan sonra “Bayern” Tomas Tuxeli saxlamaq seçimini artıq nəzərdən keçirir.

Daha əvvəl alman mütəxəssis Ralf Rangnik, ispan mütəxəssis Xabi Alonso və digər alman çalışdırıcı Yulian Nagelsman “Bayern”i çalışdırmaqdan imtina ediblər. “Kristal Palas”ın avstriyalı çalışdırıcısı Oliver Qlasner müqabilində isə “qartallar” Almaniya nəhənginə 100 milyon avro məbləğində təzminat haqqı “oxuyublar” ki, belə bir məbləğ “yox” deməkdir.