N’Qolo Kante “Əl-İttihad”la anlaşdı

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Çelsi”nin fransız yarımmüdafiəçisi N’Qolo Kante ilə bütün məsələlərdə razılığa gəlib

Arena.az xəbər verir ki, bu barədə italyan jurnalist-insayder Fabrisio Romano özünün “Twitter” hesabında yazıb.

Müvafiq məlumatla digər məşhur jurnalistlər də diqqət çəkiblər.

Mənbədən alınmış məlumata görə, Kante transferdən əvvəl Londonda tibbi müayinədən keçib. Tərəflər daha bir mövsüm uzadılması imkanını nəzərdə tutan iki illik müqavilə imzalayıblar. Kantenin “Əl-İttihad”da ildə 100 milyon avro məvacib alacağı deyilir. Bu məbləğə futbolçunun maaşı, imic hüquqları, reklam bazarında kommersiya əməliyyatları üzərində sərəncam vermək hüququ daxildir.

Xatırladaq ki, Kante zədə səbəbilə 2022/2023 mövsümünün böyük bir qismini futbol meydanlarından kənarda keçirib. Geridə qalmış mövsümdə yarımmüdafiəçi “zadəganlar”ın heyətində cəmi 9 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Buna qədər Kantenin Səudiyyə Ərəbistanından daha bir klubunun – “Əl-Nəsr”in diqqət dairəsində olduğu bildirilirdi.

Xatırladaq ki, “Əl-İttihad” ötən gün “Real”dan ayrılmış fransız hücumçu Kərim Benzemanı transfer etdiyini rəsmən açıqlayıb.