NTD 5 basketbolçu ilə vidalaşdı, “Şəki” 2 amerikalı ilə gücləndi

Azərbaycan Basketbol Liqasında mübarizə aparan NTD (Bakı) klubu 2024/2025 mövsümünün startı ərəfəsində 5 oyunçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yerli oyunçulardan Rəşid Abbasov komandanı tərk edib. Legionerlərdən isə Qriffin Remmi, Eysan Vayli, Cared Smоll və Daniel Vestbrukla (hər biri ABŞ-ı təmsil edir) başa çatan müqavilələrin müddəti uzadılmayıb. Onlara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, ötən mövsüm Xaçmazı təmsil edən NTD yeni sezonda Bakını təmsil edəcək.

Yeri gəlmişkən, Azərbaycan Basketbol Liqasının digər təmsilçisi “Şəki” klubu heyətinə iki yeni basketbolçu cəlb edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ötən mövsüm Belçika Pro Liqasında çıxış edən “Belfius Mons-Eno” klubunda forma geyinmiş Kris Barto bundan sonra “Şəki”nin uğurları üçün çalışacaq. Sentyabrın 26-da 28 yaşını tamamlayacaq basketbolçu daha əvvəl Finlandiyanın “Hüvinkaan Ponteva” və Lüksemburqun “Amikal” klublarında da legioner həyatı yaşayıb.

Bölgə təmsilçisinin digər transferi də amerikalıdır. 24 yaşlı hücumçu Karl Cons da növbəti mövsümdən “Şəki”nin uğurları üçün çalışacaq. 2,08 metr boya malik oyunçu son olaraq Avrobasket Yay Liqasında “Los Anceles”də çıxış edib. İdmançı bu ilin mayında Nevada Universitetinin məzunu olub.

“Şəki” klubunda daha əvvəl baş məşqçi postuna türkiyəli Bedri Meriç gətirilib. Həmçinin, Türkiyə millisinin oyunçusu Ercan Donat da “Şəki”yə transfer olunub.

Basketbol Liqasında mübarizə aparan daha bir klub – “Sərhədçi” də heyətinə yeni basketbolçu qatıb. Sözügedən klub ABŞ-dən olan basketbolçu Marlon Teylorla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Marlon Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellington Saints” olub.