Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün bürünc medalların sahibi bəlli olub. Arena.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda “AAAF Xırdalan” və NTD komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbə qazanıblar. Nəticədə NTD çempionatın bürünc mükafatına sahib çıxıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Londel Kinq olub – 40 xal, 16 ribaund. “AAAF Xırdalan”da isə Deymon Makdouel fərqlənib – 36 xal, 5 ribaund.
Xatırladaq ki, NTD bu mövsümün əsas mərhələsini 48 xalla, lider “Sabah”dan 1 xal geri qalmaq şərtilə ikinci pillədə başa vurmuşdu. “AAAF Xırdalan” isə 47 xalla 4-cü pilləni tutmaqla final mərhələsinə vəsiqə qazanmışdı.
Azərbaycan Basketbol Liqasında final oyunu isə “Sabah” və “Gəncə” komandaları arasında olacaq. Final seriyasına sabah – mayın 20-də start veriləcək. İlk görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Oyuna saat 19:30-da start veriləcək.
Final seriyasında ikinci oyunun mayın 22-də, üçüncü qarşılaşmanın isə mayın 24-də keçirilməsi nəzərdə tutulub. Həmin oyunlar da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Hər iki görüşə saat 19:30-da start veriləcək.
Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv 2022/2023 mövsümü üzrə Azərbaycan çempionu olacaq. İlk üç oyunda çempion müəyyənləşməsə, əlavə oyunlar keçiriləcək.
Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.