Nurəddin Novruzov: “Onu düzgün qiymətləndirmədim”

Azərbaycanın sərbəst güləşçisi Nürəddin Novruzov Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatındakı çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, 61 kq-da mübarizə aparmış gənc güləşçimiz bu yarışı bürünc medalla başa vurub.

Yarışın son günündə əvvəlcə təsəlliverici görüşdə isveçrəli Nils Leuternə tam üstünlüklə (12:2) qalib gələn Nurəddin, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, həlledici görüşdə də bolqarıstanlı Georgi Vangelova 7:3 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

Avropa çempionatında bütövlükdə 1 gümüş və 6 bürünc medal qazanmış sərbəst güləş Azərbaycan yığması 122 xal toplayıb. Millimiz bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub.

Sərbəst güləş üzrə Azərbaycan yığması ötən gecə vətənə qayıdıb. Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və media nümayəndələri qarşılayıb.

Jurnalistlərə açıqlama verən Nürəddin Novruzov bunları dilə gətirib:

“Bu səbr işidir. Allaha istəyənə istədiyini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır. Ötən il elə məhz Buxarestdə keçirilən U-23 Avropa çempionatında haqsızlıqda üzləşmişdim. Şükürlər olsun, bu dəfə eyni məkanda böyüklər arasında medal qazandım. 61 kq-a yeni keçmişəm. İlk dəfə bu yarışda iştirak etsəm də, həyəcan yox idi. Rahat güləşdim. Abasqadji Maqomedova gələcəkdə qalib gəlmək olar. O da mənim kimi adi insandır. Sadəcə, onu düzgün qiymətləndirmədim, boşluğa yol verdim. İnşallah, gələn yarışlarda daha yüksək nəticələr qazanaram”.