Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” komandasının baş məşqçisi Nuri Şahin sözügedən klubdan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Antalya klubunun vitse-prezidenti Alkan Evren yerli mətbuata açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, N.Şahin Almaniyanın “Borussiya” (Dortmund) klubundan aldığı təkliflə əlaqədar Super Liqa təmsilçisini tərk etməyə qərar verib. O, tezliklə Almaniyaya gedərək sabiq klubunun məşqçilər korpusuna qoşulacaq. Gənc mütəxəssisin bu mövsümün sonuna kimi indiki baş məşqçi Edin Terziçin köməkçisi kimi çalışacağı bildirilir. Mövsümün sonunda isə o, bu komandanın baş məşqçisi olacaq.
Nuri Şahin futbolçu karyerasının son illərində (2020-2021) “Antalyaspor”da çıxış edib. O, karyerasını bitirdikdən sonra bu klubun strukturunda çalışmağa başlamışdı. 35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından bu komandanın baş məşqçisi kimi fəaliyyət göstərirdi. Bu müddətdə Antalya təmsilçisi onun rəhbərliyi altında 92 oyun keçirib, 38 qələbə qazanıb, 23 heç-heçə edib və 31 məğlubiyyətə üzülüb.
“Antalyaspor” bu mövsüm keçirdiyi 17 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Sözügedən komanda 24 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Dortmund “Borussiya”sının yetirməsi olan Nuri Şahinin karyerasının böyük hissəsi məhz Almaniya klubuna aiddir. O, “Feyenoord” (Niderland), “Real” (Madrid, İspaniya), “Liverpul” (İngiltərə), “Verder” (Almaniya) kimi klubların da şərəfini qoruyub. Türkiyə milli komandasında 52 oyun keçirmiş ötənlərin yarımmüdafiəçisi yığmada 2 qola imza atıb.