Nuri Şahin rəsmən Dortmund “Borussiya”sında

Bu gün Türkiyənin “Antalyaspor” komandasının baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Dortmund “Borussiya”sında davam edəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi təyin olunub. Hər iki mütəxəssis 2025-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb və 2024-cü ilin yanvarın 1-dən kluba qoşulacaq. Onların gəlişi ilə Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubundan ayrılıb.

“Borussiya”nın sabiq oyunçuları 2011-ci ildə birlikdə Almaniya Bundesliqasının çempionu olublar və həmçinin 2017-ci ildə Almaniya Kubokunu qazanıblar. 34 yaşlı alman mütəxəssis Bender buna qədər Almaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi çalışıb.

Xatırladaq ki, Dortmund “Borussiya”sının yetirməsi olan Nuri Şahinin karyerasının böyük hissəsi məhz Almaniya klubuna aiddir. O, futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illər aralıqlarında məhz bu klubun formasını geyinib. N.Şahin “Feyenoord” (Niderland), “Real” (Madrid, İspaniya), “Liverpul” (İngiltərə), “Verder” (Almaniya) kimi klubların da şərəfini qoruyub. Türkiyə milli komandasında 52 oyun keçirmiş ötənlərin yarımmüdafiəçisi yığmada 2 qola imza atıb.

Nuri Şahin futbolçu karyerasının son illərində (2020-2021) “Antalyaspor”da çıxış edib. O, karyerasını bitirdikdən sonra bu klubun strukturunda çalışmağa başlayıb. 35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından bu komandanın baş məşqçisi kimi fəaliyyət göstərirdi. Bu müddətdə Antalya təmsilçisi onun rəhbərliyi altında 92 oyun keçirib, 38 qələbə qazanıb, 23 heç-heçə edib və 31 məğlubiyyətə üzülüb.

“Antalyaspor” bu mövsüm keçirdiyi 17 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Sözügedən komanda 24 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Dortmund “Borussiya”sı isə bu mövsüm Almaniya Bundesliqasında 16 oyuna 7 qələbə qazanıb, 6 heç-heçə edib, 3 məğlubiyyət görüb. Bu komanda 27 xalla 5-ci sıradadır.