“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirdi

İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”dən Kris Vudu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Yeni Zelandiya yığmasının üzvü olan Kris Vud, 2017-ci ildən “Bernli”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi beş mövsüm ərzində 165 oyuna çıxıb, 53 qola imza atıb.

Vud daha öncə İngiltərədə “Lids”, “İpsviç Taun”, “Lester Siti”, “Milluol”, “Bristol Siti”, “Birmingem Siti”, “Brayton”, “Barnsli” və “Vest Bromviç” klublarının da formasını geyinib. O, karyerasının ilk illərində “Vaykato”, “Hamilton Uonderers” və “Kembric” komandalarında da oynayıb. Yeni Zelandiya yığmasında 60 oyuna çıxan forvard, 27 qol vurub.