“Nyukasl” qanunsuz mərc qoyuluşlarında ittiham edilmiş italyan dayaq yarımmüdafiəçisi Sandro Tonalinin yaratdığı fəsadları çözməlidir.
Arena.az məlumat verir ki, klub rəhbərliyi həm Tonalinin mövqeyinə uyğun namizəd tapmalı və həm də italyan “dayaqçı”nın məvacibi ilə bağlı məsələni həll etməlidir.
Xatırladaq ki, oktyabrın 26-da İtaliya Futbol Federasiyasının (FIGC) Sandro Tonalini qanunsuz mərc qoyuluşlarında təqsiri sübuta yetirilməklə 10 ay müddətinə futboldan kənarlaşdırdığı məlum olub.
“Sağsağanlar” Tonalinin yerinə namizədləri artıq müəyyən ediblər:
“The Athletic” dərgisinin məlumatına görə, “Nyukasl” rəhbərliyi sərbəst mövqeyə Kalvin Fillips (“Mançester Siti”), Skott Maktominey (“Mançester Yunayted”), Joau Palinya (“Fulhem”) və Amadu Onana (“Everton”) arasından seçim edəcəklər.
Tonalinin məvacibinə gəlincə, italyan yarımmüdafiəçi “sağsağanlar”ın heyətində ən çox maaş alan futbolçulardan biridir.
“Daily Telegraph” dərgisinin məlumatına görə, futbolçunun maaşının kəsilməsi ilə bağlı klub daxilində hüquqşünaslarla artıq müzakirələr başlayıb. Eyni zamanda, klub rəhbərliyi Sandro ilə bağlı növbəti addım barədə hələ qərar verməyib, çünki oyunçunun rifahı da “Nyukasl” üçün üstün məqamdır.
Tonali cari ilin iyulunda “Milan”dan İngiltərə klubuna özü də istəmədən transfer edilib. Futbolçunun özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. İtalyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 12 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.