“Nyukasl” Tonalinin cəzası ilə bağlı bəyanat yaydı

“Nyukasl” komandanın italiyan dayaq yarımmüdafiəçisi Sandro Tonalinin 10 ay müddətinə futboldan kənarlaşdırıldığını təsdiqləyib.

Arena.az məlumat verir ki, “Nyukasl” bu barədə klubun rəsmi saytı üzərindən bəyanatla çıxış edib:

“Nyukasl Yunayted” təsdiqləyir ki, Sandro Tonali İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən irəli sürülmüş qanunsuz mərc iddiaları ilə əlaqədar 27 oktyabrda 10 ay müddətinə futbol yarışlarında iştirakdan kənarlaşdırılıb.

İtaliya Futbol Federasiyasının sanksiyalarına 18 aylıq qadağa daxildir, oyunçu İtaliyada keçiriləcək xüsusi məşq proqramında iştirak edəcəyi üçün cəzanın səkkiz ayı yumşaldılacaq. Sandro bu proqrama həsr edilmiş 16 icbari tədbirdə iştirak etməli olacaq.

Oktyabrın 27-də axşam “Nyukasl Yunayted” FIFA-nın oyunçunu rəqabət xüsusiyyətli bütün yarışlarda iştirakdan kənarlaşdırmaq üçün İtaliya Futbol Federasiyasının sanksiyalarını ratifikasiya etdiyinə dair təsdiq alıb.

Bu o deməkdir ki, Sandro futbol yarışlarında iştiraka 2024-cü il avqustun 27-də qayıda biləcək”, – “Nyukasl”ın müvafiq məsələ ilə bağlı rəsmi bəyanatında deyilir.

Sandro cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 12 oyun keçirib, 1 qol vurub.

Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.