İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl” İtaliya nəhəngi “Milan”ı məhkəməyə verərək çoxmilyonluq təzminat almaq niyyətindədir.
Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.
“Nyukasl” komandanın italiyan dayaq yarımmüdafiəçisi Sandro Tonalinin qanunsuz mərc qoyuluşlarına görə, tezliklə qaçılmaz diskvalifikasiyası ilə əlaqədar “Milan”ı məhkəməyə verəcək.
Mənbənin məlumatına görə, Sandro Tonalinin təqsirli bilinməsi ilə bağlı qərar öz məzmununa görə demək olar ki, müəyyəndir. Bununla belə, Çərşənbə axşamı “Nyukasl”ın bu məsələ ilə barışmaqdan uzaq münasibəti səbəbindən qərar bir qədər ləngiyib: İngilislər İtaliya yığmasının oyunçusuna qadağa qüvvəyə minəndə “Milan”ı bir neçə milyon avroluq məhkəmə iddiası tələbi ilə hədələyiblər.
Bundan əlavə, “Nyukasl” rəhbərliyi diskvalifikasiya zamanı Tonalinin maaşını da ödəməyəcək. Bu isə mövsümdə təxminən 8 milyon avro təşkil edir.
Xatırladaq ki, “Nyukasl” cari ilin yay transfer pəncərəsi zamanı Tonalinin “Milan”dan transferi üçün 64 milyon avro xərc çəkib.
Meydanda bütün turnirlərdə iddialı olan “sağsağanlar”ın aparıcı dayaq yarımmüdafiəçisini itirməsi “Nyukasl” rəhbərliyini bu məsələdə barışmaz mövqe tutmağa sövq edib.
Tonali cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Futbolçunun özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 11 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.