“Nyukasl”dan 20 illik həsrətə son, “Brayton”dan ilk!

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində keçirilmiş “Nyukasl” – “Lester Siti” oyunu “sağsağanlar” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, qolsuz başa çatan bu matç sayəsində komanda xal ehtiyatını 70-ə çatdırıb.

Nəticədə Nyukaslın eyniadlı təmsilçisi növbəti mövsümdə UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

Çempionatın sonuna bir tur qalmış üçüncü sırada qərarlaşan Eddi Haunun yetrimələri beşinci sırada yer almış “Liverpul”u 4 xal qabaqlayırlar. Bu da son turun nəticəsindən asılı olmayaraq, “sağsağanlar”ın Çempionlar Liqasında iştirakını etməsi deməkdir.

Xatırladaq ki, “Nyukasl” qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə iyirmi il öncə – 2002/2003 mövsümündə çıxış edib. O zaman İngiltərə təmsilçisi “Yuventus”, “Dinamo” (Kiyev) və “Feyenoord” ilə mübarizədə qrup ikincisi olaraq ikinci qrup mərhələsinə vəsiqəni təmin etmiş, burada “Barselona” və “İnter”in ardından üçüncü pillədə qərarlaşaraq mübarizəni dayandırmıışdı.

Avrokuboklara gəlincə, “Nyukasl” sonuncu dəfə 2012/2013 mövsümündə Avropa Liqasında iştirak etmiş və dörddəbir final mərhələsəində iki oyunun nəticəsinə görə “Benfika”ya məğlub olaraq turniri tərk etmişdi.

Yeri gəlmişkən, İngiltərənin “Brayton” komandası da növbəti mövsümdə avropakuboklara iştirak hüququ qazanıb. Bu, Premyer Liqanın 37-ci turunda “Sauthempton” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra rəsmiləşib. Roberto De Zerbinin komandası hazırda 61 xalla turnir cədvəlində 6-cı yerdədir. 7-ci sırada “Aston Villa” (37 oyundan sonra 58 xal), 8-ci yerdə “Tottenhem” (37 oyundan sonra 57 xal) qərarlaşıb. “Brayton”un beşinci pilləyə yüksəlmək şansı da var. Bu isə o deməkdir ki, sözügedən komanda gələn mövsüm ya Avropa Liqasında, ya da Konfrans Liqasında çıxış edəcək.

Bu mövsümə qədər “Brayton” heç vaxt 9-cu yerdən yuxarı qalxmamışdı. Bu komanda 2017-ci ildən Premyer Liqada mübarizə aparır.