“Nyukasl”ın sahibi dörd nəhəng klubu satın aldı

Nyukasl”ın sahibi olan İctimai İnvestisiya Fondu Səudiyyə Ərəbistanı çempionatında çıxış edən dörd nəhəng klubu satın alıb.

Arena.az xəbər verir ki, bu barədə İctimai İnvestisiya Fondu (PIF – Public Investment Fund) rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Xəbərdə fondun Səudiyyə Ərəbistanının dörd nəhəng klubunu satın aldığı elan edilib. Belə ki, “Əl-İttihad”, “Əl-Əhli”, “Əl-Nəsr” və “Əl-Hilal” klubları İctimai İnvestisiya Fondunun nəzarətinə keçiblər. Bu, hər bir klubun bir şirkətə çevrilməsi deməkdir. Onların hər birində PIF 75% səhm payına sahibdir.

“Dörd klubun qatılması müxtəlif kommersiya imkanları, o cümlədən bir çox idman növləri üzrə yatırımlar, tərəfdaşlıqlar və sponsor dəstəyi imkanları açacaq”, – fondun mətbuat xidməti bildirib.

Vurğulayaq ki, “Əl-İttihad” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub. “Əl-Nəsr” və “Əl-Hilal” müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Xatırladaq ki, “Əl-Nəsr”in heyətində portuqal ulduz hücumçu Kristiano Ronaldo çıxış edir. Şayiələrə görə, “Real”dan ayrılmış fransız hücumçu Kərim Benzema tezliklə “Əl-İttihad”a, PSJ-nin argentinalı ulduzu Lionel Messi isə “Əl-Hilal”a keçəcək.

Sonda onu da qeyd edək ki, İctimai İnvestisiya Fondu İngiltərənin “Nyukasl” klubuna da 2021-ci ilin oktyabr ayından rəhbərlik edir.