Obameyanq “Arsenal”ı “Barselona”ya dəyişdi

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq İngiltərənin “Arsenal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu mövsümün gedişində klub rəhbərliyi və məşqçilər korpusu tərəfindən cəzalandırılan futbolçu, “Arsenal”da qalmaq istəməyib.

Obameyanq 2018-ci ilin yanvarından “Arsenal”da çıxış edirdi. O, bu komandanın heyətində 2018/19 mövsümündə Premyer Liqanın bombardiri olub. Qabonlu forvard həm də “topçular”la İngiltərə Kubokunun və İngiltərə Super Kubokunun qalibi oldu. Uzun müddət bu komandada kapitanlıq sarğısını da daşıyan futbolçu, bütövlükdə 162 oyuna çıxıb, 92 qola imza atıb, 21 məhsuldar ötürmə müəllifi olub.

Artıq Obameyanqın yeni komandası da məlumdur. Təcrübəli hücumçu bundan sonra karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirəcək. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 1.5+2 illik müqaviləyə imza atıblar. Belə ki, mövcud müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Amma tərəflər işbirliyindən razı qalacağı təqdirdə, anlaşma 2025-ci ilin yayına qədər davam etdiriləcək. İspaniya klubu Obameyanqı vaxtından öncə heyətinə qatmaq istəyənlərin 100 milyon avro ödəməli olduğunu açıqlayıb.

Qabon və Fransa ilə yanaşı, İspaniya vətəndaşlığı da olan Obameyanq, karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen” və “Borussiya” (Dortmund) klublarında da forma geyinib. Qabon yığmasında 72 oyun keçirmiş futbolçu, 30 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın