Oblak, Şik və Əl-Kaabi – Həftənin ən yaxşıları

Madrid “Atletiko”sunun qapıçısı Yan Oblak futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Yan Oblak buna doğma meydanda “İnter”i 2:1 hesabıyla üstələdikləri görüşdə inamlı çıxışı sayəsində nail olub. Belə ki, o, İtaliya klubu ilə cavab görüşündə 3 kritik seyvlə yadda qalıb.

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Ceydon Sanço (“Borussiya”, Dortmund, Almaniya), David Raya (“Arsenal”, İngiltərə) və Pau Kubarsi (“Barselona”, İspaniya) də namizəd idilər.

Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.

Avroliqada həftənin oyunçusu adına Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şik layiq görülüb. Çexiyalı forvard Azərbaycan çempionu “Qarabağ”la ev oyununda 3:2 hesablı əzmkar qələbədə dubla imza atmışdı.

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına Rafael Leao (“Milan”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə) da namizəd idilər.

Avropa Konfrans Liqasında isə həftənin ən yaxşısı Yunanıstanın “Olimpiakos” komandasının hücumçusu Ayub Əl-Kaabi olub. O, Təl-Əviv “Makkabi”sinə 6:1 hesabıyla qalib gəldikləri səfər matçında dubl müəllifi olub.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına digər namizədlər bunlar idilər: Martin Yedliçka (“Viktoriya”, Plzen, Çexiya), Konstantinos Kulirakis (PAOK, Yunanıstan) və Skov Olsen (“Brügge”, Belçika).

Xatırladaq ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşiblər.