Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsində Norveçə qarşı keçirilmiş oyunu şərh edib.
Arena.az xəbər verir ki, serbiyalı mütəxəssis “Bakcell Arena”da keçirilmiş və 1:2 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.
Norveçin U-21 millisinin baş məşqçisi Leif Qunnar Smerud isə matçı belə şərh edib:
“Bizim üçün yaxşı başlanğıc oldu. Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı”.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi 6 oyuna topladığı 1 xalla yer aldığı A qrupunda altı iştirakçı arasında beşincidir. Norveç yığması isə altı oyuna 15 xal toplayıb və ikinci sırada qərarlaşıb. Komandamız növbəti matçını 2022-ci ilin 25 martında Estoniyaya qarşı keçirəcək.


