Oğrular Duqlas Luis və Alişa Lemanın evini soydular

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis və “qoca sinyora”nın qadın hücumçusu Alişa Lemanın birgə evi onların yoxluğunda qarət edilib.

Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Luisin, dəyəri təxminən 500 min avro məbləğində olan 11 ədəd saatı oğurlanıb. Lemandan isə brilyant qaşlı bir neçə zinət əşyası oğurlanıb. Aşiq-məşuq idmançıların evində həyəcan siqnalı gecə yarısı işə düşüb. Amma bu vaxta qədər iş-işdən keçibmiş. Hadisə yerinə polis gəlib.

Vurğulanır ki, bu, Turinin dəbdəbəli ərazilərindən birində ev oğurluğu ilə bağlı ilk hadisə deyil. Əvvəllər, “qoca sinyora”nın keçmiş hücumçuları Moyze Kin, Kayo Jorje və Anxel Di Mariya oğruların əlindən ziyana uğrayıblar.

Polis oğurluğun sifarişli olduğunu da istisna etmir. Hazırda araşdırma aparılır.

Xatırladaq ki, Duqlas Luis bu il “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçib. 26 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Braziliyalı futbolçu cari mövsümdə “Yuventus”un heyətində 9 oyuna çıxsa da, fərqlənə bilməyib.

Duqlas Luis daha öncə “Aston Villa”, “Jirona” və “Vasko da Qama”da da oynayıb.

Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.