Okan Buruk 17 illik həyat yoldaşından boşandı – Fotolar

Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Okan Buruk 17 ildir həyat yoldaşı olan Nihan Akkuşdan boşanıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

“Hürriyet”in yaydığı məlumata görə, cütlük 17 illik evliliklərini ötən ay bitiriblər. Amma bu barədə xəbər mətbuata indi sızıb.

Xəbərdə o da bildirilir ki, Okanla Nihan hələ 2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər. Lakin həmin vaxt onlar son anda qərarlarını dəyişiblər.

Cütlüyün Ali Yiğit adında 15 yaşlı oğlu var.

Xatırladaq ki, Okan Buruk 2022-ci ilin iyun ayından “Qalatasaray”a rəhbərlik edir. 50 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 79 oyuna çıxarıb. Bu görüşlərdə 60 qələbə qazanmış “aslanlar” 10 heç-heçə ediblər, 9 məğlubiyyətə üzülüblər. Burukun “Qalatasaray”dakı ümumi xal ortalaması da diqqət çəkir – 2,41 xal.

Ötən mövsüm Türkiyə çempionu olmuş Okan Buruklu “Qalatasaray” bu mövsüm də uğurlu çıxışını davam etdirir. İstanbul təmsilçisi Super Liqada 25 oyuna topladığı 66 xalla vahid liderdir. “Sarı-qırmızılar” bu mövsüm 25 oyunda 21 qələbə qazanıblar, 3 heç-heçə ediblər və cəmi 1 oyunda məğlubiyyətə üzülüblər.

Komanda Türkiyə Kubokunda və Avropa Liqasında da mübarizəni davam etdirir. İstanbul nəhəngi Türkiyə Kubokunun 1/4 finalında “Fatih Karagümrük”lə mübarizə aparacaq. Avroliqanın pley-off mərhələsində Çexiyanın “Sparta” (Praqa) komandasına evdə 3:2 hesabıyla qalib gəlmiş “sarı-qırmızılar” cavab matçında da sərfəli nəticə əldə etməklə 1/8 finala vəsiqə qazanmağa çalışacaq.

Okan Burukun çalışdırdığı komandalar arasında “Başakşəhər”, “Rizəspor”, “Akhisar Bələdiyyəspor”, “Göztəpə”, “Sivasspor”, “Qaziantepspor”, “Elazığspor” da var. O, məşqçiliyə Türkiyə millisində köməkçi-məşqçi təyinatı ilə başlayıb.