“Qalatasaray”ın baş məşqçisi, türkiyəli mütəxəssis Okan Buruk futbol üzrə Türkiyə Super Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis ölkə çempionatında ardıcıl 15 ev matçında qalib gələn ilk türkiyəli mütəxəssis olub.
Burukun baş məşqçisi olduğu İstanbul təmsilçisi son olaraq Super Liqanın 23-cü turunda doğma meydanda “Qaziantep”ə 2:1 hesabı ilə qalib gəlib.
“Qalatasaray”ın Türkiyə Super Liqası çərçivəsində keçirdiyi son 15 oyunda məğlub etdiyi komandalar bunlardır:
Başakşəhər – 1:0
Sivasspor – 2:0
Fənərbaxça – 3:0
Trabzonspor – 2:0
Samsunspor – 4:2
Ankaragücü – 2:1
Beşiktaş – 2:1
Kasımpaşa – 2:1
Alanyaspor – 4:0
Adana Dəmirspor – 3:1
Fatih Karagümrük – 1:0
Konyaspor – 3:0
Kayserispor – 2:1
İstanbulspor – 3:1
Qaziantep – 2:1
Xatırladaq ki, Okan Buruk 2022-ci ilin iyun ayından “Qalatasaray”a rəhbərlik edir. 50 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 75 oyuna çıxarıb. Bu görüşlərdə 56 qələbə qazanmış “aslanlar” 9 heç-heçə ediblər, 9 məğlubiyyətə üzülüblər. Burukun “Qalatasaray”dakı ümumi xal ortalaması da diqqət çəkir – 2,37 xal.
Okan Buruklu “Qalatasaray” bu mövsüm də uğurlu çıxışını davam etdirir. İstanbul təmsilçisi 23 oyuna topladığı 60 xalla ikinci pillədə qərarlaşıb. Komanda eyni xala malik lider “Fənərbaxça”dan yalnız top fərqinə görə geri qalır. “Sarı-qırmızılar” bu mövsüm 23 oyunda 19 qələbə qazanıblar, 3 heç-heçə ediblər və cəmi 1 oyunda məğlubiyyətə üzülüblər.
“Qalatasaray” Super Liqa çərçivəsində növbəti ev oyununu fevralın 10-da “Başakşəhər”ə qarşı keçirəcək.
Bahar Rüstəmzadə