“Qarabağ”ın futbolçusu Olavio Juninyo Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, braziliyalı hücumçu 6:1 hesabı ilə qələbə qazandıqları və çempionluğu təmin etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Qarabağ”da ilk titulumu qazandım. Bu, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi”.
Juninyo Fransa klublarından təkliflər alması haqda yayılan xəbərlərə də münasibət bildirib: “Bununla bağlı heç bir məlumatım yoxdur. Varsa da, agentim bu işlərlə məşğul olur. Bakıya gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm”.
Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Çaves” klubundan 450 min avro müqabilində keçib. 27 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 44 oyuna çıxıb, 25 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
“Qarabağ” bu gün mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub. İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.
Nahid Ustaclı