Olavio Juninyo “Qarabağ”dakı çıxışına qiymət verdi

“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo Azərbaycan klubuna gəlişindən, ölkəmizə necə uyğunlaşmasından danışıb.

Arena.az xəbər verir ki, o, “ojogo.pt” saytına açıqlamasında bu kollektivə tez uyğunlaşdığını bildirib:

“Mənə təqdim olunan layihəyə və Çempionlar Liqasında oynamaq kimi uşaqlıq arzumu reallaşdırmağa görə “Qarabağ”a gəldim. Çempionlar Liqasında oynamasaq da, Avropa Liqasında mübarizə aparırıq. Özümü tamamlanmış hiss edirəm. Buradakı çıxışım uğurludur. Çünki komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Hər şey münasibətdən irəli gəlir. Qısa müddətdir Azərbaycanda olmağıma baxmayaraq, yaxşı uyğunlaşdım. Riçard Almeydanın uzun illərdir burada olması işimi asanlaşdırdı. Mənə köməyinə görə ona minnətdaram”.

Juninyo Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa” ilə keçiriləcək matçlara da toxunub: “Avropa Liqasının qrupunda keçirdiyimiz oyunlar bir xəyal idi. Əvvəllər yaşamadığım tam fərqli hisslər idi. İnanılmaz təcrübə oldu. Ancaq bilirik ki, avrokuboklarda asan oyun olmur. “Braqa” ilə matçlar nə bizim, nə də rəqib üçün asan keçəcək. “Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”.

Xatırladaq ki, “Qarabağ” “Braqa” ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Çaves” klubundan 450 min avro müqabilində keçib. 27 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.