Olavio Juninyo “Sevilya”ya keçməkdən imtina etdi – Səbəb

“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo İspaniya La Liqasında mübarizə aparan “Sevilya”ya keçmək fikrindən daşınıb.

Arena.az xəbər verir ki, bu barədə “uol.com” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, Braziliyanın “Flamenqo” komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra “Sevilya” ilə danışıqları dayandırıb.

Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib. “Flamenqo” forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə “Sevilya”nın təklifindən üç dəfə çoxdur. Braziliyalı oyunçu ilə 3 illik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.

Xatırladaq ki, Juninyo daha öncə “Sevilya” ilə demək olar, bütün məsələlərdə razılığa gəlmişdi. Hətta iki klub arasında da razılığın əldə olunduğu bildirilirdi. Belə ki, “Sevilya” 28 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif etmişdi. “Qarabağ” hücumçunun satışından təxminən 4 milyon avro qazanacaqdı. Bundan əlavə, Ağdam klubu hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaqdı.

Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçib. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da vurğulayaq ki, transferlər zamanı mətbuatda danışıqların uğursuz alındığına dair xəbərlərin yayılması da xüsusi bir gedişdir. Belə ki, Olavionun qarşıdakı günlərdə elə məhz İspaniya klubu ilə müqavilə bağlaması da istisna edilməməlidir. İstənilən halda, yaxın günlərdə bütün suallara aydınlıq gəlməsi gözlənilir.

Xəbəri istədiklərinizlə paylaşın