“Old Trafford” 90 minlik tutuma qədər böyüdülə bilər

Britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted”in səhmlərini alacağı halda “Old Trafford”un tutumunu artırmaq niyyətindədir.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu həftə Retkliff klubun 1,3 milyard funt-sterlinqə qədər olan səhmlərin alınması ilə bağlı sövdələşməni tamamlayacaq. Müqavilənin bir hissəsi olaraq, “Old Trafford”un müasirləşdirilməsi və 90 min tamaşaçı üçün mümkün genişləndirilməsi üçün vəsait ayrılacaq.

Daha əvvəl məlum olmuşdu ki, “Ineos”un sahibi, britaniyalı milyarder Cim Retkliff klubun səhmlərinin 25%-ni alacaq, Avram və Coel Qleyzerlər isə nəzarət paketini özündə saxlayacaqlar. Bu arada, Qətər şeyxi Cassim bin Hamad Əl Tani klubun səhmlərinin 100%-ni almaq üçün danışıqlardan geri çəkilib. Şeyx sadacə məbləğin həddindən artıq olduğunu əsas gətirərək, “buna dəyməz” mövqeyini tutub.

“Mançester Yunayted”in hazırkı sahibləri, klubu 2005-ci ildə 1,34 milyard dollara (1,27 milyard avro) satın almış Avram Qleyzer və Coel Qleyzerdir. O vaxtdan bəri “qırmızı şeytanlar” 5 dəfə İngiltərə Premyer Liqasının qalibi olublar, 4 İngiltərə Liqa Kubokunu və 6 dəfə İngiltərə Super Kubokunu qazanıblar. Həmçinin Çempionlar Liqasının qalibi və daha iki dəfə finalçısı olublar. Buna rəğmən, “Mançester Yunayted” azarkeşləri Qleyzerlərdən xoşlanmırlar. Son bir neçə ildə isə “qırmızı şeytanlar”ın azarkeşləri Qleyzer ailəsinə qarşı açıq etiraz tədbirləri həyata keçirirlər.