Olivye Jiru “Los Anceles”ə keçir? – Özü açıqladı

“Milan”ın fransız hücumçusu Olivye Jiru MLS təmsilçisi “Los Anceles”ə keçəcəyi barədə yayılmış xəbərlərə münasibətini bildirib.

Arena.az təcrübəli futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Şərhsiz! Mövsüm hələ bitməyib. Daha deməyə sözüm yoxdur”, deyə Jiru vurğulayıb.

Xatırladaq ki, Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro müqabilində “Çelsi”dən keçib. Fransız hücumçunun “rossoneri” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “Milan”ın heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 9 məhsuldar ötürmə verib. Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.

Fransalı veteran hücumçunun cari mövsümün sonunda “rossoneri”nin düşərgəsini tərk etmək ehtimalı yüksəkdir. 37 yaşlı futbolçu MLS təmsilçisi “Los Anceles”ə keçmək istəyir. O, amerikan klubu ilə müqavilə bağlamağa yaxındır. Transfer baş tutarsa, Jiru Fransa yığmasındakı keçmiş komanda yoldaşı, qapıçı Uqo Lyorislə birlikdə çıxış edəcək.

Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 131 oyuna çıxıb, 57 qol vurub, 16 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Xatırladaq ki, Jiru “Milan”dan öncə “Arsenal”, “Çelsi”, “Monpelye”, “Tur”, “İstr” və “Qrenobl” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 37 yaşlı veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.