Ömər Cavadov Afrika çempionatında 4-cü yeri tutdu

Ağır atletika üzrə Azərbaycan milli komandasının üzvü Ömər Cavadov Tunisdə keçirilən Afrika çempionatında qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Tunisin paytaxtı Tunis şəhərində keçirilən qitə çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan sonuncusu – Ömər Cavadoda körpücük üzərinə çıxıb. O, 73 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimizin çıxışı o qədər də uğurlu alınmayıb.

Belə ki, Ömər birdən qaldırma hərəkətində 143, təkanla qaldırma hərəkətində 167 kq çəkini ram edib, toplam 310 kq (143+167) nəticə göstərib. Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.

Bununla da Azərbaycan atletləri üçün Afrika çempionatındakı mübarizə başa çatıb. Azərbaycan yığma komandası Afrika çempionatına üç idmançı ilə yollanmışdı. Daha öncə Nazilə İsmayılova qüvvəsini sınamışdı. 45 kq çəki dərəcəsində mübarizə aparan xanım atletimiz birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram etmişdi. Beləcə, Nazilə toplam 132 kq (60+72) nəticəyə imza atmışdı. O, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olmuşdu.

Ardından İsa Rüstəmov körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb. İsa birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırma hərəkətində 164 kq çəkini başı üzərinə qaldırıb. Atletimiz toplam 302 kq (138+164) nəticə göstərib. Bu nəticə ilə o, həm birdən, həm təkanla qaldırma hərəkətləri, həmçinin toplamda rəqiblərini üstələyib.

Xatırladaq ki, Azərbaycan yığma komandasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası da bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxıb. Onların əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.

Mayın 11-də start götürmüş sayca 33-cü Afrika çempionatı ayın 18-nə qədər davam edəcək.