Futbol üzrə Misir milli komandasının hücumameyilli yarımmüdafiəçisi Omar Marmuş Almaniyada klubunu dəyişib. Arena.az xəbər verir ki, “Volfsburq”un vingeri növbəti mövsümdən “Ayntraxt”ın uğurları üçün çalışacaq.
Bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Onun bu klubla müqaviləsi iyulun 1-dən etibarən qüvvəyə minəcək. Bu üzdən də misirli oyunçu yeni komandasına məhz ondan sonra qoşula biləcək. Həmin vaxta kimi isə Marmuş “Volfsburq”un uğurları üçün çalışmağa davam edəcək.
Futbolçunun transferi yeni klubuna pulsuz başa gəlib. Məsələ burasındadır ki, onun “Volfsburq”la müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatırdı. Bu üzdən də “Ayntraxt” bu keçidə görə təzminat ödəmək məcburiyyətində qalmayıb və Marmuşla azad agent kimi müqavilə bağlayıb.
Xatırladaq ki, Omar Marmuş “Volfsburq”a 2017-ci ilin avqust ayında ölkəsinin “Vadi Deqla” klubundan transfer olunmuşdu. Misirli oyunçu “Vadi Deqla”da 18 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıbsa, “Volfsburq”da 46 oyun keçirib, 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, ötən mövsümlərdə “Ştutqart” (21 oyun, 3 qol, 5 asist) və “Sankt Pauli”də (21 oyun, 7 qol, 3 asist) icarədə də olub.
Marmuş 2021-ci ilin oktyabr ayında debüt etdiyi Misir milli komandasında 17 oyun keçirib. O, bu görüşlərdə 4 qola imza atıb. Hücumçu buna qədər də ölkəsinin U-20 və U-23 yığmalarında forma geyinib.
Sonda onu da xatırladaq ki, Marmuş universal hücum oyunçusu hesab olunur. Belə ki, o, həm sağ və sol vinger kimi oynaya bilir, həm də hücumda çıxış etməyi bacarır.
“Ayntraxt” Marmuşun 7 nömrəli formanı geyinəcəyini də diqqətə çatdırıb.