Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” komandasının baş məşqçisi Ömer Erdoğan təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. O, Alanya klubunda aprelin 20-də istefaya göndərilmiş Ersun Yanalı əvəz edib. Hansı ki, 61 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb göstərilib.
Xatırladaq ki, Ersun Yanal bu ilin fevral ayında “Alanyaspor”un baş məşqçisi təyin edilmişdi. Həmin vaxt onunla 1.5+1 illik müqaviləyə imza atılmışdı. Amma Yanalın Alanya təmsilçisindəki fəaliyyəti uğursuz alınıb. O, komandanı cəmi 6 oyuna çıxarıb ki, bu görüşlərdə 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. Yanal da fevralda istefa vermiş italiyalı Françesko Fariolini əvəz etmişdi.
E.Yanal daha öncə “Antalyaspor”, “Dənizlispor”, “Yeni Salihlispor”, “Ankaragücü, “Gənclərbirliyi, “Manisaspor”, “Trabzonsor”, “Əskişəhərspor” və “Fənərbaxça”da da baş məşqçi kimi çalışıb. 2004-2005-ci illər aralığında isə o, Türkiyə yığmasının baş məşqçisi olub.
Ömer Erdoğan isə son olaraq “Ankaragücü” komandasının baş məşqçisi olub. O, 2022-ci ilin avqustundan çalışdırdığı bu komandadan bu il fevralın 6-da ayrılmışdı. Gənc mütəxəssis “Hatayspor” və “Fatih Karagümrük”də də baş məşqçi kimi çalışıb.
Sonda onu da bildirək ki, “Alanyaspor” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 29 oyunda 8 qələbə qazanıb. Daha 8 oyunda da heç-heçə edən komanda 13 məğlubiyyətə üzülüb. Alanya təmsilçisi topladığı 32 xalla 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.


