Almaniyanın “Ştutqart” klubunun hücumameyilli yarımmüdafiəçisi Ömer Faruk Beyaz bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
21 yaşlı futbolçu İstanbul klubuna azad agent kimi keçib və 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Ömer Faruk Beyaz “Fənərbaxça”nın yetirməsidir. Gənc futbolçu “Ştutqart”a 2021-ci ilin iyul ayında azad agent kimi keçmişdi. O, Bundesliqa klubunun əsas komandasında cəmi 5 oyun keçirib. 2022/2023 mövsümünü “Maqdeburq”da icarədə olmuş türkiyəli futbolçu daha sonra “Hatayspor”da da icarədə çıxış edib.
Ömer Türkiyənun U-15, U-16, U17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Başakşəhər”in mərkəz müdafiəçisi Ahmed Tuba isə “Mexelen”ə keçib. Belçika klubu 26 yaşlı əlcəzairli futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Fransada dünyaya göz açmış, Belçika vətəndaşlığı da olan Ahmed Tuba peşəkar karyerasına “Brügge”də başlayıb. “Leuven”, “Beroe”, “Valveyk” kimi klublarda da oynamış müdafiəçi “Başakşəhər”ə 2022-ci ildə cəlb olunub. O, İstanbul klubunun heyətində 40 oyuna çıxıb, 1 qol da vurub.
Ahmed Tuba vaxtilə Belçikanın U-17, U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2021-ci ilin iyun ayında Əlcəzair yığmasında debüt etmiş futbolçu bu komandada 13 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.