Onur Bulut “Sabah”la oyundan sonra xəstəxanalıq oldu

Bakıda “Sabah”la yoldaşlıq oyunu keçirən Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Onur Bulut qarşılaşmadan sonra özünü pis hiss edib. Arena.az xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisi təzyiq problemi ilə üzləşib.

Bu üzdən də türkiyəli futbolçu dərhal Bakıdakı xəstəxanalardan birinə aparılıb. Klub rəhbərliyi ehtiyat tədbir olaraq onun komanda ilə Türkiyəyə qayıtmayıb, Bakıda qalmasına qərar verib. Futbolçunun bu gün özünü tam yaxşı hiss edəcəyi halda ölkəsinə qayıtması planlaşdırılır.

Xatırladaq ki, ötən gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesabıyla başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Aleksey Kaşuk dubl edib (4 və 6-cı dəqiqə), digər qolu Davit Volkov (70-ci dəqiqə) vurub. “Qara qartallar”ın heyətində isə Umut Meraş (24 və 44-cü dəqiqələr) dubla imza atıb, digər qolu 63-cü dəqiqədə penaltidən dəqiq yararlanan Cenk Tosun vurub.

Matçdan bir gün öncə Azərbaycana təşrif buyuran Türkiyə nəhəngi qarşılaşma bitdikdən sonra İstanbula qayıdıb. Bu oyundan əldə olunan bütün gəlir qardaş ölkədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Sonda onu da xatırladaq ki, Onur Bulut bu ilin fevralında “Kayserispor”dan “Beşiktaş”a transfer olunub. Müdafiəçi İstanbul təmsilçisində 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyada dünyaya göz açmış futbolçu daha öncə “Bohum”, “Frayburq”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda oynayıb. Türkiyədə isə o, “Alanyaspor” və “Rizəspor”un uğurları üçün çalışıb. Vaxtilə Türkiyənin U-19 yığmasının şərəfini qorumuş Onur, ötən ildən əsas milliyə dəvət alır. O, “ay-ulduzlular”ın heyətində 2 rəsmi matça çıxıb.