Azərbaycanın ən istedadlı stolüstü tennisçilərindən hesab olunan Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Onur seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir.
İyunun 11-nə qədər keçiriləcək təlim-məşq toplanışına qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə daha yaxşı hazırlaşmaqdır.
Xatırladaq ki, Onur Quluzadə təkcə Azərbaycanın yox, həm də qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılır. O, bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü yeri tutub. İdmançımız apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında da 2-ci olub, şəxsi və qoşa yarışında isə 3-cü yerlə kifayətlənib.