“Ordu” ukraynalı və amerikalı basketbolçularla gücləndi

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə hazırlaşan “Ordu” klubu növbəti transferlərini rəsmiləşdirib.

Arena.az xəbər verir ki, sözügedən komanda amerikalı oyunçu Jalan Tomasla anlaşıb.

Basketbolçu ilə 1 illik müqavilə bağlanılıb. 203 sm boya malik olan oyunçunun sonuncu klubu “Kameron University” klubu olub.

“Ordu” heyətini ukraynalı basketbolçu ilə də gücləndirib. Vladimir Markovetski ilə də 1 illik müqavilə imzalanıb. 216 sm boya malik basketbolçu son olaraq “San Fransisko” klubunda çıxış edib. O, həmçinin “Qoverna”, “Jalgiris” və “Sabonis Akademiyası” komandalarında da forma geyinib.

“Ordu” iki yerli basketbolçunun da transferini reallaşdırıb. Komanda gənc basketbolçu Əli Həsənovu heyətinə qatıb. Son mövsümü “Abşeron”da keçirmiş, boyu 188 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Digər yeni transfer isə Ramazan Qarayevdir. O, son mövsümü “Sərhədçi”də keçirib. Boyu 2,05 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

“Ordu” klubu daha öncə Roki Blanko, Jamaure Qreq, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Qriffin, Ayzaya Pope, Səid İsmayılov, Əlibəy Məmmədli, Jaylen Tomas, Əli Həsənov və Vladimir Markovetski ilə müqavilə bağlamışdı.

“Sumqayıt”la “Şəki” amerikalı, “Lənkəran” türkiyəli basketbolçu gətirdi

Basketbol Liqasında mübarizə aparacaq digər klublar da heyətlərini gücləndirməyə davam edirlər. Məsələn, “Şəki” klubu amerikalı basketbolçu Coş Robinsonla güclənib. Tam adı Coşua Kuinşon Eyvanda Robinson olan, 198 sm boya malik basketbolçu yeni klubunda 3 nömrəli formanı geyinəcək.

Ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirmiş 24 yaşlı hücumçu Avropada ilk peşəkar müqaviləsini “Şəki” ilə bağlayıb.

Şəki təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatmışdı.

“Sumqayıt” da növbəti transferini reallaşdırıb. Komanda 185 sm boya malik 29 yaşlı oyun qurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.

Amerikalı basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib. O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.

Buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu – Derrik Nyuton, Calen Houkins və Ceylon Klarkı heyətinə cəlb etmişdi.

“Sərhədçi” isə türkiyəli Ulaş Turqutla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Lənkəran”da 7-ci legionerini rəsmiləşdirib. Bölgə klubu türkiyəli Efe Baykalın transferini rəsmiləşdirib. 1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib.

Debütant buna qədər amerikalılar Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton, Ceremi Berrayt və Andre Bolla güclənmişdi.

“Lənkəran” klubunda erkən vida da yaşanıb. Sözügedən komanda Azərbaycan Basketbol Liqasının startına günlər qalmış heyətinə yeni cəlb etdiyi Çınar Çakmakla yollarını qarşılıqlı razılıq əsasında ayırıb.

Buna türkiyəli basketbolçunun zədələnməsi səbəb olub. 18 yaşlı Çakmak mövsümün sonuna kimi meydana çıxa bilməyəcəyindən heyətdən çıxarılıb.

193 sm boya malik hücumçu ilə müqavilə 1 ili əhatə edirdi. Çınar Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a gəlmişdi.