Orelyen Tçuameni “Malyorka” ilə oyunda irqi təhqirlərə məruz qalıb

La Liqanın 31-ci turunun “Malyorka” ilə səfər oyununda “Real”ın fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni irqi təhqirlərlə üzləşib.

Arena.az “Movistar Plus+” dərgisinə istinadən məlumat verir ki, xoşagəlməz hadisə Tçuameninin oyunun 48-ci dəqiqəsində “Malyorka”nın qapısına vurduğu, oyunda yeganə olmuş qələbə qolunu qeyd etməsi zamanı baş verib.

Bildirilir ki, azarkeşlər təhqiredici surətdə əl-qol atmaqla yanaşı, Tçuameniyə su şüşəsini də tolazlayıblar.

Bu hadisədən hiddətlənmiş “Real”ın müdafiəçiləri Naço Fernandes və Antonio Rüdiger baş vermiş biabırçılıq haqda hakimi xəbərdar ediblər.

Tçuameni “Bordo”nun yetirməsidir və “Real”a 2022-ci ilin iyulunda 80 milyon avro qarşılığında “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 34 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 31 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Orelyen Tçuameni “Kral klubu” ilə 2022/2023 mövsümündə İspaniya Super Kubokunu və UEFA Super Kubokunu qazanıb, həmçinin 2023 FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Real”da irqi təhqirlərə daha çox braziliyalı hücumçu Vinisius Junior məruz qalır. O, tez-tez ispan azarkeşlərlə belə münaqişələr yaşayır. Madrid təmsilçisinin digər qaradərili oyunçuları nadir hallarda belə qalmaqalların mərkəzində yer alırlar.

Xəbəri istədiklərinizlə paylaşın