Bu ilin avqustunda İspaniyanın “Barselona” klubundan ayrılmış dayaq yarımmüdafiəçisi Oriol Romeu özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, o, bundan sonra İngiltərənin “Sauthempton” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Azad agent statusuna malik 34 yaşlı futbolçu İngiltərə klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Sauthempton” Romeu üçün tanış klubdur. O, 2015-2022-ci illər aralığında məhz bu komanda çıxış edib və bu müddətdə komandanın aparıcı oyunçularından biri olub. İspan futbolçu İngiltərə klubunun heyətində 256 oyuna 8 qol vurub, 7 məhsuldar ötürmə verib.
Oriol Romeu futbola “Espanyol”da qədəm qoyub. Buradan “Barselona”nın akademiyasına yol tapmış “dayaqçı” karyerası ərzində “Çelsi”, “Valensiya”, “Ştutqart” və “Jirona”da da çıxış edib.
Oriol Romeu İspaniyanın U-17, U-19, U-20, U-21, U-23 və Olimpiya yığmasına cəlb edilsə də, əsas yığmaya dəvət almayıb.
Oriol Romeunun qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya çempionluğu və İspaniya Super Kuboku, həmçinin “Çelsi” ilə qazandığı İngiltərə Kuboku və UEFA Çempionlar Liqası var.
“Transfermarkt” internet-portalı 34 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


