Premyer Liqada mübarizə aparan “Kəpəz”in futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə səfər görüşündə qeydə alınıb. Amma Orxanın qolu Gəncə təmsilçisi üçün yetərli olmayıb. Belə ki, əyalət təmsilçisi yekunda 1:2 hesabıyla uduzub.
O, 30-cu qolunu 169-cu matçında vurub. Orxan Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib. O, oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb.
Gəncə klubunun üzvü Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşdürür.
Qeyd edək ki, “Kəpəz” hazırda Premyer Liqanın turnir cədvəlində 10 xalla doqquzuncudur.
Xatırladaq ki, Orxan Əliyev bu ilin avqust ayından “Kəpəz”də çıxış edir. O, cari mövsümdə 16 oyuna çıxıb, 4 qola imza atıb. 28 yaşlı daha öncə 2015-2016 və 2016-2017-ci illər mövsümündə də “sarı-göylər”in şərəfini qoruyub. O, Gəncə klubunun heyətində 59 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Əliyev karyerası ərzində “Araz Naxçıvan”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sioni”, “Qaradağ Lökbatan”, “Qəbələ” kimi klublarda da forma geyinib.
Orxan Əliyev Azərbaycanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.