“Kəpəz”in hücumçusu Orxan Əliyev Gəncə klubundan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə ilyarımlıq (2025/2026-cı illər mövsümünün sonunadək) müqavilə bağlanılıb.
Xatırladaq ki, Orxan Əliyev 2024-cü ilin avqust ayından “Kəpəz”də çıxış edirdi. O, cari mövsümdə 16 oyuna çıxıb, 4 qola imza atıb. 28 yaşlı daha öncə 2015-2016 və 2016-2017-ci illər mövsümündə də “sarı-göylər”in şərəfini qoruyub. O, Gəncə klubunun heyətində 59 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Əliyev karyerası ərzində “Araz Naxçıvan”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sioni”, “Qaradağ Lökbatan”, “Qəbələ” kimi klublarda da forma geyinib.
Orxan Əliyev Azərbaycanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Orxan “Turan Tovuz”un bu qış fasiləsində heyətinə qatdığı üçünücü futbolçudur. Tovuz klubu ondan öncə “Sumqayıt”dan Rəhim Sadıxovu da transfer etmişdi. Rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski isə “Dinamo”dan (Mahaçqala, Rusiya) bu mövsümün sonuna kimi icarəyə götürülüb.