Orxan Əliyev yenidən “Kəpəz”də – Rəsmi

Bu yay “Araz-Naxçıvan”dan ayrılan hücumçu Orxan Əliyev bundan sonra Premyer Liqanın digər təmsilçisi “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Orxan Əliyevlə 1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçu “Kəpəz” üçün yad sima deyil. Belə ki, o, 2015-2016 və 2016-2017-ci illər mövsümündə də “sarı-göylər”in şərəfini qoruyub. O, Gəncə klubunun heyətində 42 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Əliyev son olaraq “Araz Naxçıvan”da oynayıb. O, 2022-ci ilin mart ayından şərəfini qoruduğu Naxçıvan klubunun heyətində 37 oyunda 13 qol vurub, 4 assist edib. O, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sioni”, “Qaradağ Lökbatan”, “Qəbələ” kimi klublarda da forma geyinib.

Orxan Əliyev Azərbaycanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Kəpəz” Orxan Əliyevdən öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), İlkin Qırtımov (“Qəbələ”) və Viktor Braqanı (“Aqiya di Maraba”, Braziliya) da heyətinə qatmışdı.

Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənov isə Gəncə klubu ilə yeni müqaviləyə imza atıblar.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov da “Kəpəz”i tərk ediblər.