Orxan Qurbanlı 33 dəqiqə oynadı, 7 qola üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 12-ci turu çərçivəsində doğma meydanda Tiraspol “Şerif”i ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:7. Orxan bu görüşün 57-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 12 oyunda 14 xal toplayıb və 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.