Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 9-cu turu çərçivəsində səfərdə “Sfintul George” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 9 oyunda 8 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.