Orxan Sadıqlı “Kəpəz”i “Sumqayıt”a dəyişdi

2022/2023 mövsümünü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı Gəncə klubundan ayrılıb və keçmiş komandası “Sumqayıt”a qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti oyunçu keçidini reallaşdırıb. Sözügedən klub son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlını heyətinə qatıb. 30 yaşlı qolkiperlə 2 illik sözləşmə imzalanıb.

Xatırladaq ki, Orxan Sadıqlı 2022-ci ilin avqustundan “Kəpəz”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 25 oyuna çıxıb, 37 qol buraxıb. Cəmi 6 oyunda qapısını toxunulmaz saxlaya bilən qolkiper 2 sarı vərəqə ilə də cəzalanıb.

Sadıqlı 2018/2019 mövsümündə isə məhz “Sumqayıt”ın şərəfini qoruyub. Amma o, həmin vaxt bu komandada cəmi 3 oyuna çıxıb, 4 qol buraxıb, 1 “quru” matç keçirib.

30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün çalışıb. Orxan Azərbaycanın U-19 və U-21 yığmalarında da oynayıb.

Xatırladaq ki, “Sumqayıt” Sadıqlıdan öncə daha bir keçmiş qapıçısını – “Zirə”dən ayrılan Mehdi Cənnətovu da heyətinə qatmışdı. Böyük ehtimalla qarşıdakı mövsümdə Mehdi komandanın əsas, Orxan isə ehtiyat qapıçısı olacaq.

“Sumqayıt” Aydın Bayramov, Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə də yollarını ayırdığını açıqlayıb.

“Kəpəz” isə artıq beşinci futbolçusu ilə vidalaşır. Daha öncə Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse və Mario Mustapiç də Gəncə klubundan ayrılmışdı.