Niderlandın “Herenven” klubunun və Norveç millisinin sol vingeri Osame Sahraui bundan sonra “Lill” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu transferə görə “Herenven”ə 8 milyon avro ödəyib. Əslən Mərakeşdən olan 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Osame Sahraui Norveçin “Valerenqa” klubunun yetirməsidir. O, “Herenven”ə 2023-cü ilin yanvarında 2,6 milyon avro müqabilində keçmişdi. Yarımmüdafiəçi Niderland klubunun heyətində meydana çıxdığı 52 oyunda 9 qol vurub, 14 assistlə yadda qalıb.
Norveçin U-21 yığmasında da oynamış futbolçu 2023-cü ildən bu ölkənin əsas millisində debüt edib və hələlik cəmi 1 oyun keçirib.
“Lill” İspaniyanın “Vilyarreal” klubunu mərkəz müdafiəçisi Aissa Mandini də heyətinə qatıb. Liqa 1 təmsilçisi bu transfer üçün artıq xərcə düşməyib. Belə ki, azad agent statusuna malik 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Aissa Mandi “Reyms”in yetirməsidir. İspaniyada “Betis”in də formasını geyinmiş əlcəzairli futbolçu 2021-ci ildən çıxış etdiyi “Vilyarreal”da 79 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb. O, Əlcəzair yığmasında 97 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Lill” onları icarəyə göndərdi
“Lill” iki futbolçusu ilə də yollarını ayırıb. Portuqaliyalı sol vinger Tyaqo Morais “Rio Ave”yə icarəyə verilib. 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi vətənində icarə əsas çıxış edəcək. “Boavişta”nın yetirməsi olan, “Leyşoyş”da da oynamış Tyaqo, Fransa klubuna bu ilin yanvarında 3 milyon avro müqabilində keçsə də, əsas komandada cəmi 3 oyuna çıxıb. O, Portuqaliyanın U-18, U-19 və U-21 yığmalarında da oynayıb.
“Lill” digər sol vingeri Alan Virjinyusu da İsveçrənin “Yanq Boyz” klubuna icarəyə verib. Fransadan olan 21 yaşlı futbolçu da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Yanq Boyz” onu satınalma şərti ilə icarəyə götürüb.
“Soşo”nun yetirməsi olan Alan Virjinyus 2022-ci ilin avqustunda 4 milyon avro qarşılığında “Lill”ə keçib. O, bu klubun əsas komandasında 23 oyuna çıxıb, 1 qol vurub. Daha öncə “Klermon”a da icarəyə verilmiş Alan, Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.