“Osiyek” – “Zirə”nin Konfrans Liqasındakı növbəti rəqibi!

“Zirə” futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi də Azərbaycan klubu kimi, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qalib ayrılmaqla mərhələ adlayıb.

Sözügedən komanda Osiyekdəki ilk oyunda 5:1 hesabı ilə qalib gəldiyi Estoniyanın “Levadiya” kollektivi ilə bugünkü cavab matçında da üstün olub – 1:0. Beləliklə, iki oyunun nəticəsinə görə 6:1 qalib gələn xorvatlar Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, “Zirə” də Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” komandasından güclü olub (4:0, 2:1).

Beləliklə, Azərbaycan təmsilçisi Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda Xorvatiyanın “Osiyek” komandası ilə mübarizə aparacaq. “Zirə” 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə keçirəcək. Cavab görüşü isə avqustun 15-də Bakıda baş tutacaq.

Bu turnirdə yoluna davam etdirən digər təmsilçimiz “Sabah” da İrlandiyanın “Sent-Patriks Atletik” kollektivi ilə ilk oyununu avqustun 8-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirməlidir. Bu üzdən təmsilçilərimizin Bakıdakı oyunlarından birinin gününün dəyişdirilməsi istisna edilmir.