“Maklaren”in avstraliyalı pilotu Oskar Piastri Bakıda təşkil olunmuş Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi olub.
Arena.az xəbər verir ki, sentyabrın 13-də start götürmüş Bakıdakı qran-priyə bu gün yekun vurulub.
Dünən baş tutan sıralama turunda “Ferrari”nin pilotu Şarl Lekler birinci olmuşdu. İkinci yeri “Maklaren”dən Oskar Piastri, üçüncü yeri isə Leklerin komanda yoldaşı Karlos Sayns tutmuşdu. İlk beşliyi “Red Bull”dan Serxio Peres və “Mersedes”dən Corc Rassel tamamlamışdılar.
Bun gün isə əsas yarış baş tutub. Cari mövsümün sayca 17-ci mərhələsi olan Azərbaycan qran-prisi Oskar Piastrinin qələbəsiylə yekunlaşıb. O, 51 dövrəlik yarışda finiş xəttini 1-ci keçib. Bu, Oskarın həm cari mövsümdə, həm də karyerasında 2-ci qələbəsidir. Şarl Lekler Bakıdakı yarışda 2-ci, Corc Rassell 3-ü yeri tutub.
Qələbə uğrunda 20 pilot yarışsa da, onlardan bir neçəsi mübarizəni sonadək davam etdirə bilməyib. Yuko Tsunoda (“Rasinq Bulls”) maşınındakı problem üzündən yürüşü 14-cü dövrədə dayandırıb. Lens Stroll (“Aston Martin”) da bolidində nasazlıq olduğuna görə mübarizəni sonadək davam etdirməyə ehtiyac görməyib və 45-ci dövrədə trası tərk edib. Serxio Peres (“Red Bull”) və Karlos Sayns (“Ferrari”) isə yarışın sonlarında (49-cu dövrədə) bolidləri toqquşduğu üçün finiş xəttini keçə bilməyiblər.
Qeyd edək ki, Bakı treki 20 döngə və 51 dövrədən ibarət olmaqla, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Burada ilk dəfə yarış 2016-cı ildə Avropa qran-prisi adı altında keçirilib. Sonrakı illərdə isə turnir Azərbaycan qran-prisi kimi təşkil olunub. 2016-cı ildə almaniyalı Niko Rosberq, sonrakı illərdə isə Daniel Rikkardo, Luis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib olublar. 2023-cü ildə isə Serxio Peres ikinci dəfə Bakıda qalib gəlib. Pandemiya səbəbindən 2020-ci ildə yarış təşkil olunmayıb.
17 turdan sonra 313 xala malik Maks Ferstappen hələ də vahid liderdir. Lando Norris 254 xalla 2-ci, Şarl Lekler 235 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 476 xalla zirvəyə yüksəlib. “Red Bull” 456 xalla 2-ci sıraya düşüb. “Ferrari” isə 425 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 18-ci qran-prisi Sinqapurda keçiriləcək. Sözügedən yarış sentyabrın 22-də baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 313
- Lando Norris (Maklaren) – 254
- Şarl Lekler (Ferrari) – 235
- Oskar Piastri (Maklaren) – 222
- Karlos Sayns (Ferrari) – 184
- Luis Hamilton (Mersedes) – 166
- Corc Rassell (Mersedes) – 43
- Serxio Peres (Red Bull) – 143
- Fernando Alonso (Aston Martin) – 58
- Lens Stroll (Aston Martin) – 24
- Niko Hulkenberq (Haas) – 22
- Yuki Tsunoda (Rasinq Bulls) – 22
- Aleksander Albon (Uilyams) – 12
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Pyer Qasli (Alpin) – 8
- Oliver Berman (Ferrari) – 7
- Kevin Maqnussen (Haas) – 6
- Esteban Okon (Alpin) – 5
- Franko Kolapinto (Uilyams) – 4
- Jou Quanyu (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
- Valtteri Bottas (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 476
- Red Bull – 456
- Ferrari – 425
- Mersedes – 309
- Aston Martin – 82
- Rasinq Bulls – 34
- Haas – 29
- Uilyams – 16
- Alpin – 13
- Zauber – 0