Osman Özköylü Super Liqa klubundan göndərildi

Türkiyə Super Liqasında mübarizə aparan “Pendikspor” komandasının baş məşqçisi Osman Özköylü istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə elita klubunun rəsmi saytı məlumat yayıb.

Çempionatda qələbəyə həsrət üç komandadan (digərləri “İstanbulspor”la “Samsunspor”dur) biri olan “Pendikspor” uğursuz gedişata son qoymaq üçün çarəni baş məşqçi dəyişikliyində görüb. Klub Özköylüyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Yeni baş məşqçinin kim olacağı hələ məlum deyil.

Osman Özköylü 2021-ci ilin oktyabr ayından “Pendikspor”a rəhbərlik edirdi. Komandanı Super Liqaya da bu il məhz Özköylü çıxarmışdı. Amma bu tarixi uğura rəğmən, rəhbərlik elitadakı uğursuzluğu ona bağışlamayıb. “Pendikspor” Özköylünün rəhbərliyi altında bütövlükdə 70 oyun keçirib. Bu oyunlardan 34-ü qələbə, 19-u heç-heçə ilə bitibi. 17 görüşdə isə məğlubiyyət qeydə alınıb.

“Pendikspor” bu mövsüm Super Liqada 8 oyun keçirib ki, onlardan 4-ü heç-heçə, 4-ü də məğlubiyyətlə yekunlaşıb. Komanda 4 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, 52 yaşlı Özköylü “Pendikspor”dan öncə “Turanspor”, “Ərzurumspor”, “İskenderunspor”, “Elazığspor”, “Dənizlispor”, “Kayseri Ərciyəsspor”, “Ankaraspor”, “Şanlıurfaspor”, “Adana Dəmirspor”, “Sivasspor”, “Samsunspor”, “Ərzurum BB”, “Adanaspor”, “Osmanlıspor”, “Boluspor” “Həkimoğlu Trabzon”, “Altay” kimi komandalara da rəhbərlik edib.

Sonda onu da qeyd edək ki, bu, Türkiyə Super Liqasında geridə qalmış 8 tur ərzində 8-ci baş məşqçi istefasıdır. Daha öncə Şenol Günəş, Tolunay Kafkas, Hüseyin Eroğlu, Fatih Tekke, Çağdaş Atan, Erdal Günəş və Emre Belözoğlu da istefaya göndərilmişdi.