Futbol üzrə Qana milli komandasının sabiq baş məşqçisi Otto Addo yenidən sözügedən ölkənin yığmasına qaytarılıb.
Arena.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, milli komandanın baş məşqçilik vəzifəsi üçün Otto Addoyla razılıq əldə olunub. Sözügedən yığmanı mart ayında baş tutacaq yoxlama oyunlarına məhz Otto çıxaracaq. Amma onun Qana Futbol Federasiyası ilə müqaviləsi rəsmi olaraq iyul ayında qüvvəyə minəcək. Buna səbəb onun hazırda Almaniyanın “Borussiya” klubu ilə müqaviləsinin olmasıdır. Belə ki, Addo Dortmund təmsilçisində gənc istedadların komandaya cəlb olunması sahəsində çalışır.
Otto Addo daha öncə də Qana yığmasına rəhbərlik edib. O, 2022-ci ilin fevralından dekabrına kimi ölkəsinin millisini çalışdırmışdı. Yığma komanda Addonun rəhbərliyi altında keçirdiyi 12 oyunda 5 qələbə qazanmış, 3 heç-heçə etmiş, 4 məğlubiyyətə üzülmüşdü. Amma Qətərdə keçirilmiş DÇ-2022-də Qana yığması qrupdan çıxa bilmədiyi üçün, Addo vəzifəsini tərk etmişdi.
Addonun istefasından sonra Qana yığmasının sükanı arxasına Kris Hyuton gətirilsə də, o da bu ilin yanvarında istefa verib.
Sonda onu da xatırladaq ki, 48 yaşlı Addo Dünya Çempionatı çərçivəsində keçirilmiş hansısa oyunda qələbə qazanmış ilk qanalı baş məşqçidir.
Bahar Rüstəmzadə