Oyer Sarraqa və İniqo Martines “Atletik”dən ayrıldılar

Atletik” klubu futbolçuları Mikel Balensiaqa, İniqo Martines, Ander İruarrisaqa, Oyer Sarraqa və Ander Kapa ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniya çempionatında 2022/2023 mövsümünü 8-ci pillədə başa vuran və avrokuboklara vəsiqə qazana bilməyən Bilbao klubu bəzi oyunçularla özü vidalaşıbsa, bəzisi ilə də yeni müqaviləyə dair razılığa gələ bilməyib.

Mikel Balensiaqa klubla müqaviləsinin müddəti bitməsi səbəbindən komandanı tərk edib. La Liqa təmsilçisi 35 yaşlı ispan sol cinah müdafiəçisini saxlamaq istəməyib. “Real Sosyedad”ın yetirməsi olan, “Numansiya” və “Valyadolid”də də oynamış Balensiaqa karyerasının böyük hissəsini məhz “Atletik”də keçirib. O, bu komandada 321 oyuna çıxıb, 1 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Ander İruarrisaqa da müqaviləsinin müddəti bitdiyi və klubun heyətdə saxlamaq istəmədiyi üçün komandanı tərk edənlərdəndir. “Atletik”in öz yetirməsi olan 24 yaşlı ispan qapıçı bu klubun əsas komandasında cəmi 29 oyun keçirib, 31 qol buraxıb, 10 “quru” matçı olub.

Ander Kapanın da heyətdə saxlanılmasına ehtiyac duyulmayıb. İspaniyadan olan 31 yaşlı sağ cinah müdafiəçisi “Atletik”in yetirməsidir. “Eybar”da da oynamış futbolçu Bilbao təmsilçisində 112 oyun keçirib, 5 qol və 7 assistlə yadda qalıb.

Oyer Sarraqa ilə İniqo Martines isə özləri “Atletik”i tərk edib. Hər iki futbolçu klubun heyətdə saxlamaq istəyinə baxmayaraq, onlara təklif olunan yeni müqavilə şərtlərini bəyənməyib və ayrılmağa qərar verib.

Mərkəz müdafiəçisi olan Oyer Sarraqa “Atletik”in öz yetirməsidir. 24 yaşlı ispan futbolçu bu komandada 72 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

İniqo Martines isə “Atletik”ə 2018-ci ildə “Real Sosyedad”dan 32 milyon avro qarşılığında keçmişdi. 32 yaşlı mərkəz müdafiəçisi bu komandada 177 oyuna çıxıb, 8 qol və 7 assistlə yadda qalıb. Təcrübəli oyunçu İspaniya millisində də 20 oyunda iştirak edib, 1 qol vurub.

Yeri gəlmişkən qeyd edək ki, İniqonun “Barselona”ya keçməsi gözlənilir. “Diario Sport”un məlumatına görə, Kataloniya klubu yaxın günlərdə onun transferini rəsmən açıqlayacaq.