Ozan Can baş məşqçisiz qaldı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” komandası baş məşqçisiz qalıb.

Arena.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Rob Penders klubdan ayrılıb.

Buna onun Erediviziya təmsilçisi “Utrext”dən aldığı təklif səbəb olub. Bu üzdən də 47 yaşlı mütəxəssis ikinci liqa təmsilçisindən ayrılıb.

Rob Penders 2021-ci ilin iyul ayından “Eyndhoven”ə rəhbərlik edirdi. Niderlandlı mütəxəssis bu komandanı bütövlükdə 85 oyuna çıxarıb. Bu görüşlərdə 40 qələbə qazanmış eyndhovenlilər 19 heç-heçə ediblər, 26 məğlubiyyətə üzülüblər.

Komanda geridə qalan mövsümdə Niderland ikinci divizionunda 38 oyuna 58 xal toplayıb və 20 kollektiv arasında 8-ci yeri tutub. Bu, sözügedən kollektivə Erediviziyaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazandırsa da, “Eyndhoven” “Almere Siti” ilə görüşlərdə uduzaraq elitaya çıxmaq şansını itirib.

Ozan Can Kökçü isə geridə qalan mövsümdə 34 oyuna çıxıb və 6 qol vurub.