Ozan Can “Eyndhoven”də 4-cü qolunu vurdu

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 7-ci turu çərçivəsində baş tutan “Roda” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 3:3 hesablı heç-heçə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3-cü qolunu da məhz Ozan vurub. O, 63-cü dəqiqədə penaltidən dəqiq yararlanıb. Bununla da yarımmüdafiəçi cari mövsümdə 4-cü dəfə fərqlənib.

“Eyndhoven” 8 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.